18  düşmən əsgərini öldürən qəhrəman Şəhidimiz gizir Orxan Quluzadə

13:45 25.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Vətən sevgisi, ana yurda məhəbbət hər nə qədər mücərrəd anlayış hesab olunsa da özünü konkret əməllərdə əks etdirir. Hər bir vətən övladının yiyələndiyi ilk peşə məhz Vətənə məhəbbətdir. Uşaq, yaşlı, kişi, qadın demədən hər kəs, ilk öncə Vətəni sevməyi, daha sonra böyüyüb sənət sahibi olmağı öyrənir. Qəhrəmanımız Orxan Quluzadə də, doğma torpaq üçün doğulub, yaşayıb, uğrunda can verib, onun qoynuna köçənlərdəndir.

O, 29 iyun 1994-cü ildə Lənkəran şəhərində anadan olub. Ailənin ilk övladı idi, özündən kiçik bir qardaşı var.  2000-ci ildə, Lənkəranda, V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü litsey-məktəbdə 1-ci sinifə başlayır. Qəhrəmanımızın elə uşaqlıqdan  idmana və hərbiyə böyük həvəsi olub. Orxan bir müddət, Lənkəran şəhərində qaydasız döyüş idman növü ilə məşğul olur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Xidmətini kəşfiyyat bölüyünün manqa komandiri vəzifəsində, kiçik çavuş rütbəsində başa vurur. Daha sonra 2017-ci ildə hərbiyə yenidən qayıdır. Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Giziri Orxan Quluzadə ailəli idi, özündən sonra vətənə əmanət 2 yaşlı qızı qaldı. O, 8 noyabr, böyük Vətən müharibəsinin son günlərində Zəngilanda, Şükürtaz yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hafta.az Vətən müharibəsinin qəhrəman şəhidi Orxan Quluzadənin həyat yoldaşı Ayşə xanımla həmsöhbət oldu. Ayşə xanım deyir ki, Orxan həm işinə, həm də ailəsinə çox bağlı olub.

"22 iyul 2017- ci ildə ailə qurmuşuq. 2 yaşında Ayla adlı bir qızımız var.

Yoldaşım 29 mart  2018-ci ildə, Yevlax şəhərində yerləşən "N" saylı hərbi hissədə  kəşfiyyatçı olaraq xidmətə başladı. İşini elə çox sevirdi ki, məzuniyyətə gələndə belə sıxılırdı, necə tez çıxıb gedə bilər deyə fikirləşirdi. Onun vətənə olan sevgisini, bağlılığını hansı sözlə daha doğru ifadə etmək olar heç bilmirəm".

Müharibə başlayanda Orxan evə zəng edir, sevinci səsindən açıq-aydın hiss edilirdi...

-Nəhayət ki bu gün gəldi, indi torpaqlarımızı azad edə biləcəyik.

-Orxan mən səni itirə bilərəm, çox qorxuram.

-Sən heç nədən qorxma, kəşfiyyatçı yoldaşısan, başını hər zaman dik tut.

Şəhidin həyat yoldaşı söyləyir ki, onu sonuncu dəfə sentyabr ayının əvvəlində görüb. İşi haqqında evdə heç vaxt danışmazdı. Elə buna görə də, nə keçirdiyi təlimlərdən söz açdı, nə də müharibədən.

"Çox güvənirdim ona, inanırdım ki, sağ salamat qayıdacaq. Müharibə vaxtı da, əlaqə saxlayırdı bəzən. Hər danışanda deyirdi ki, "Məqsədimizə çatırıq, inşallah tezliklə qayıdacam".  Axırıncı dəfə Zəngilanda olanda zəng etdi. Dedi ki, "Az qalıb, sonuncu döyüş əməliyyatımızdı. Ondan sonra 1 həftəlik evə getmək üçün icazə veriləcək".

Sözünü tutdu. Orxan noyabrın 8-i evə qayıtdı, ancaq, bayrağa bükülü tabutu ilə...

Həyat yoldaşı deyir ki, bir-birimizi çox sevmişik. Ailələrdən xəbərsiz, qaçaraq evləndik. Toyumuz belə olmadı.  Həmişə bir arzusu var idi. Deyirdi, "Gec də olsa, sənə o gəlinliyi geyindirəcəm". Toyumuzu etmək istəyirdi, bunun həvəsi ilə yaşayırdı.

Yoldaşım mərd idi heç nədən qorxmurdu. Vətən ailədən başlayır deyirlər, yəqin ona görə həm bizə, həm də vətəninə bu qədər bağlı idi. İndi qızımız evdə atasını axtarır. Ona ata yox, Orxan deyə müraciət edirdi. Tez-tez çölə çıxır, atasını çağırır, "Orxan gəl" deyir. Gözü elə hey onu axtarır, şəkillərinə baxır. Hələ iki yaşı var heç nəyi başa düşmür. Ancaq hiss edirəm ki, Orxanın yoxluğu ona da çətindir.

Ayşə xanım bildirir ki, Orxanın döyüş yoldaşı ona bu sözləri deyib:  "Elə həmin ərəfədə 18 erməni öldürmüşdü. Yaralı yoldaşlarını döyüş meydanından çıxararkən minamyot atəşi nəticəsində qəlpə yarası aldı. Orada vəziyyəti ən ağır olan Orxan idi. Həmin an heç kəs başını qaldıra bilmirdi. Orxan yaralı halda belə dayanmadı, öz qisasını da elə özü aldı.  Mən əsil qəhrəmanlıq nümunəsini onda gördüm. O bizi qorudu, amma,  biz onu qoruya bilmədik".

Bəli, yaralı şəhidimiz, son damla qanına qədər düşmənin üzərinə gedib. O bu torpaqlarda can qoyan nə ilk, nə də son qəhrəmanımızdır. Ocağımız Orxanların közü ilə bu gün daha gur yanır. Azadlığımız, bütövlüyümüz və milli kimliyimiz uğruna can verən bütün qəhrəmanlarımıza Allah rəhmət etsin.